Acılarımızı, yaralarımızı şəfalandıran tək qaynaqdır təbiət.

O, bizə qarşı nə qədər də mərhəmətli, biz isə ona qarşı nə qədər zalım davranırıq.  Ağaclar karbon dioksidi alıb oksigeni bizə hədiyyə edir və biz qarşılığında təşəkkür olaraq onları kəsir, qırır, susuz saxlayır, yaxud da varlıqlarını belə unuduruq.
Amma onlar incidildikcə daha da gözəlləşir, yenidən doğulur, həyata yenidən başlayırlar. Kəsilmiş otların ətrafa yayılan o gözəl ətrini duyanda insan onu kəsdiyindən, incitdiyindən utanır.


Təbiət feminin enerjinin ən gözəl örnəyidir. Qəlbimizdəki yaraları yalnız feminin enerjiylə sağalda bilərik. Üzüldükcə, incidildikcə qəlbimizi qapatmaq, hissiyyatsızlaşmaq əvəzinə daha anlayışlı, daha qəbul edən, mərhəmətli tərəfimizi – feminin tərəfimizi önə çıxararaq incidici qaranlığın içindən parlayaraq həm özümüzü, həm ətrafımızı işıqlandıra bilərik.


Biz insanıq, seçim şansına sahibik. Eyni durum qarşısında baxış açısına əsasən fərqli reaksiyalar verə bilərik.

Acı çəkdikcə daha qəddarlaşa, çirkinləşə də bilərik, acının bizə verdiyi mesajları alaraq özümüzə nə qədər şəfqətli davrana biləcəyimizi öyrənib incələşə, gözəlləşə də bilərik.


Dostoyevski bunu daha gözəl ifadə edir:

“Ya yanlışlarınla üzləşər, ya da yanlışlarınla üzsüzləşərsən! Cahil olmaq ayrı, pislik olmaq ayrıdır” deyir.