Nə qədər böyüyürsən böyü içində hər zaman səndən diqqət gözləyən bir uşaq vardır. Sən onu unutsan da o, sənin yolunu gözləyir, səndən diqqət, qayğı, anlayış gözləyir.

Sən onun həm anası, həm atası, həm dostu, oyun yoldaşısan.

Bəlkə daha önəmli saydığın işlərlə məşğul olmaqla özünü böyütdüyünü zənn edirsən. Bəlkə də ona analıq, atalıq eləməyi öyrənə bilmədən artıq valideyn olmusan, övladların var. Artıq onlar üçün məsuliyyət daşıyırsan.

Bəs içində ağlayan, ona qarşı daşıdığın məsuliyyətin fərqinə varacağın günü səbrsizliklə gözləyən o uşağın halından xəbərin varmı?

Onu kim böyüdəcək, kim sahib çıxacaq ona?!

Kim başını sığallayacaq?! Kim hiss edəcək?! Kim sevindirəcək onu?!

Kim ona dəyərli, önəmli olduğunu hiss etdirəcək? Kim qoruyacaq onu?!

Təbii ki, səndən başqa kimsə bunu edə bilməz.

Bəlkə bütün bunları etdiyini zənn edirsən – onu geyindirməklə, yedizdirib-içizdirməklə, gəzdirməklə, ona oyuncaqlar almaqla və s.

Bir düşün, valideynlərin sənə bütün bunları etsə, amma diqqət verməsə, qayğı göstərməsə, səni dinləməsə, anlamağa çalışmasa, hiss etdiklərinə önəm verməsə onların sevgisini hiss edə bilərdinmi? Alınan hər şey gözündən düşməzdimi? Üzülməzdinmi. Dəyərsiz hiss etməzdinmi?.

Bəs sən necə?? İçindəki o parçanın səndən nə istədiyi, sənə nələr anlatmağa çalışdığı ilə heç maraqlandınmı???

Onun da səndən istədiyi diqqətdir, onu hiss etməyindir, onu anlamağın, dinləməyindir.

Sən bunu edə bilmirsənsə bütün dünya səni sevsə də, hamının diqqəti səndə olsa da o, özünü sevilmiş hiss etməz, hamı sənə sayqı duysa da o, sayqıya layiq olduğuna inanmaz, hamı sənin gücünün qarşısında baş əysə də o, öz gücünü hiss edə bilməz, hamı sənə həsəd aparsa da o mutlu hiss edə bilməz. Çünki insanların gördüyü və təqdir etdiyi onlara göstərdiyin bir kimlikdir, O deyil.

İçindəki o dəyərli varlığı olduğu kimi qəbul edib, sarılıb, sevmədikcə, onu hiss etmədikcə, ona özünü ifadə etmə şansı vermədikcə özünü gerçəkdən dəyərli, önəmli, sevilmiş hiss edə bilməyəcəksən.