Öncə öz qəlbimin qırıqlarını toplamaq, yaralarını sarmaq üçün bir yola çıxdım. Müxtəlif fərqindəlik çalışmalarıyla tanış olduqdan sonra mənə ən çox kömək edən möhtəşəm metodu tapdım – Heart Wisdom Process.
Özümə doğru atdığım hər addımı duyğusal yaralarını sağaltmaq istəyənlərlə paylaşaraq onlara yardım etməyə çalışdım.

Onların arasında bu yaraları bəhanə edib diqqət çəkməyə çalışanlar da gördüm, özünü güclü hiss etməkçün onları görməzdən gəlib gizlədənləri də. Hamsını çox sevdim, amma ən böyük sayqım yaralarını qəbul edib onları sağaltmaq üçün əzmlə çalışanlaradır təbii ki.

Fərqli millətlərdən, kültürlərdən olan insanlarla çalışdıqca gəldiyim nəticə – dərində, kökdə hamımızın eyni olduğudur. İnkişaf cəhətdən çox öndə və ya çox geridə olmasına baxmayaraq, insanlar tərəfindən gözəl və ya çirkin, yaxşı və ya pis, böyük uğurlara imza atmış və ya bacarıqsızın biri sayılmasına baxmayaraq dərində, bilincaltında yatan qorxular və üzüntülər demək olar ki, eynidir. 

Sadəcə onları basdırıb, gizlədənlər var, fərqli istiqamətlərdə motivasiya qaynağı olaraq istifadə edənlər var, özünü yazıq, tale qurbanı sayanlar var və s. Yəni bu qorxulara əsasən uşaqlıqdan yaratdığımız həyatqa qalma strategiyalarına görə fərqlənirik əslində.

Gördüyüm gözəllik – hər birimizin içində məsum, sevilməyə, diqqətə möhtac bir uşağın var olduğu gerçəyindədir.
Kənardan yarqıladığımız insanların çoxu dərin mövzulara toxunmaqdan qorxmasa, davranışlarının səbəbi olan qəlb yaralarını açıb göstərə bilsə içimizdə bir anlayış və mərhəmət hissinin yaranmaması mümkün deyil.

Gerçəkdən də açıq bir qəlbi sevməmək mümkün deyil məncə.