Çox insan sevilmək istəyir, sevməkdən isə qorxur. Çünki sevən üzülər, qəlbi qırılar inancı iliklərimizə qədər işləyib.

Lakin qırılan sadəcə eqodur, sevməkdən qorxan da eqodur. İçimizdəki yaralı uşaq sevilməyi tərcih edir, çünki  sevildikcə  kontrol ondadır, güvəndə hiss edir.

Sevdikcə eqo qırılır, parça-parça olur. Bu çox acı verə bilər. Önəmli olan bu acıdan qaçmamaq, onun içindən keçə bilməkdir. Bunu bacaranda həmin dağıntının içindən Özün işığı parlamağa başlayır. Gerçək doğuş budur, gerçək həyat burdan başlayır.

Amma təəssüf ki, həmin acıdan keçmə müddətinə hər insan dayana bilmir və bir an əvvəl bu acını hiss etməmək üçün özünü uyuşdurmağa çalışır. Bununçün alkoqol, siqaret, narkotik qəbul edənlər də var, həddən artıq yeyənlər, yatanlar da, internet oyunlarına və ya seksə bağlananlar da var, alış-veriş dəlisinə dönənlər, qiybət edənlər də, onun-bunun həyatına burun soxub, yarqılayanlar, qara yaxanlar da var, həddən artıq işləyənlər (işkoliklər), idmana bağlananlar da və s.

Hamsı asılılıqdır və bu asılılıqların hamsının kökündə öz acısının öhdəsindən gələ bilməyib, onu basdırıb gizlətməyə çalışan yaralı parçamız dayanır. Bunlardan birini seçməli olduğumuza o qədər inanmışıq ki, bədənə ziyan verən asılılıqları seçənlərlə müqayisədə aşırı işləmək, idman və s. kimi daha yaxşı asılılıqları seçənləri alqışlayırıq.

İşləmək, yemək, idman və s. lazımdır, vacibdir, lakin asılılıq halına gəlibsə deməli onun altında qaçdığımız, görməzdən gəlməyə çalışdığımız acı yatır. Bu basdırılmış acı duyğular bizi özümüzdən, iç hüzurumuzdan uzaqlaşdırır və zamanla mütləq özünü müxtəlif problemlər, xəstəliklər şəklində biruzə verir.

Acı duyuruqsa qarşımızda iki istiqamət dayanır və seçimi biz edirik. Ya acını hiss etməkdən qorxduğumuzçün bu asılılıqlardan birini seçib özümüzdən uzaqlaşaraq ruhumuzu daha da qaranlığa qərq edirik. Ya da acını dibinə qədər yaşayıb onun içindən keçərək verdiyi mesajı alır, özümüzlə barışır, küllərimizdən yenidən doğulur, işığımızı parladırıq..

Enerjini sevilməkçün min yolla tükəndirmək əvəzinə acıya rəğmən sevməyi seçmək iradə və cəsarət işidir.

Şəms nə gözəl deyir: “Ayağında tikan yarası olmayan sinəsinə gül qoxusu çəkə bilməz.”