“Bəzi insanlar təslimiyyəti hərəkət etməkdən vaz keçmək, məğlub olmaq, uduzmaq, letargik hala düşmək və s. şəkildə yanlış anlayır. Lakin təslimiyyət tamamilə fərqli bir haldır. Bu, düşdüyün durumun içində heç nə etmədən qalmaq, heç bir plan qurmamaq, passivləşmək demək deyil.

Təslimiyyət həyatın axışına müqavimət göstərmək əvəzinə olana icazə verməkdir. Bu, dirənişdən qəbul edişə keçişdir. Ən qəbuledilməzi qəbul et, ən çox müqavimət göstərdiyinin oluşuna içdən icazə ver və sonra izlə, gör hər şey necə dəyişilir.

Təslimiyyət zəiflik deyil, əksinə çox böyük bir güc əlamətidir.”

deyə çox gözəl izah edir Eckhart Tolle.

Həyatı kontrol etməyi buraxmaq, qəlbin rəhbərliyinə güvənmək, keçmiş, gələcək qayğılarını buraxıb bu anın bizdən tələb etdiyi nədirsə onu etmək və andan zövq almaqdır təslim olmaq.

İçində olduğumuz durumu, özümüzü, bütün varlığımızı olduğu kimi qəbul edə bilməyəndə biz, kiminsə bunu edəcəyi ümidiylə yaşamalı oluruq. Kiçik şeylərdən mutlu ola bilməyəndə bir gün hər şeyi qaydasına qoyandan sonra həyatdan zövq ala biləcəyimizə inanmaqla həyatı amansızca ertələyirik.

Bunu bacarmadığımızçün özümüzü tənqid etmək əvəzinə uşaqlıqdan gələn bu proqramlanmanı dəyişdirərək içimizdə var olan feminin qəbuledişi, təslimiyyəti yenidən aktivə edə bilərik.

Kişilərə nisbətən qadınlarçün bu, daha asandır, çünki yeni bir şey öyrənmir qadın, sadəcə öz gerçək təbiətinə geri dönür.

Həyatın istənilən sahəsində kişilərlə yarışmaya girən qadın nə qədər çox qalib gəlsə o qədər çox uduzmuş olur əslində. Çünki kişi yarışarkən öz masculin təbiətinə uyğun davrandığı halda, qadın başdan bu yarışmaya girməklə feminin təbiətinə üz çevirmiş, ondan uzaqlaşmış, özünü inkar etmiş və bununla da öz dəyərsizlik, yetərsizlik inancını bir daha təsdiqləmiş olur.

Qadın qazanmaq üçün yarışan deyil, qazanılmaq üçün uğrunda yarışılandır!

Kimisə, nəyisə əldə etməkçün yarışarkən, xoşluqla olmayanı zorla oldurmağa çalışarkən unutmamalıyıq ki, zorla heç zaman gözəllik olmayıb. Buraxaq yarışlar sadəcə oyunlarda, əyləncələrdə qalsın.

Əgər bir şey olmursa deməli bu durum daha gözəlinin olmasına şərait yaradır. Yetər ki, biz dirənməyək, icazə verək, tam təslimiyyətlə həyatın bizə gətirəcəklərinə içdən güvənə bilək.

Çünki təslimiyyət – bədəndə enerji axışını asanlaşdırır, enerji tezliyini yüksəldir, rahatlıq, hüzur verir. Yüksək enerji isə özünə daha çox gözəllikləri cəzb edir.

Hər gün daha qaranlıqlaşan dünyamızın hər şeydən çox feminin işıltıya ehtiyacı var.

İcazə verək işığımız parlasın!

Xəyalə Çələbi