• Texnoloji üzrlüyəm, məsələn, təzəlikcə Google Drive üzərindən sənəd paylaşmağı öyrənmişəm deyə özümü komputer proqramçısı kimi hiss edirəm 😀 ,  telefonuma mahnı endirə bilmədiyimçün internet olmayanda mahnı dinləyə bilmirəm.  Bir gün zaman ayırıb bunu öyrənəcəyimə ümid bəsləyirəm.  Amma olsun, belə zamanlarda sevdiyim mahnıları özüm oxuyub, özüm dinləyirəm.

 

  • Yaxşı pəncərə silə bilmirəm, alınmır məndə. “Bunun bir yolu tapılar, könül pəncərəmi təmizləmək daha önəmlidir” – deyib özümə təskinlik verirəm.

 

  • Üzüləndə və əsəbləşəndə gözümün yaşını tuta bilmirəm (kim görürsə görsün fərqi yoxdur). Məgər həmişə gülənlərin gözyaşlarını içlərinə axıtdığı zamanlar olmurmu?!

    Məni buna görə qınayanlara sözüm: “Mənə qara deyən dilbər, qaşların qara deyilmi?!” 😉

 

  • İnciyəndə nə qədər çalışsam da heç nə olmamış kimi davrana bilmirəm, həmin dəqiqə biruzə verməsəm ölərəm sanki. 🙂 Bunu dəyişdirə biləcəyimə də ümidim yoxdur.

 

  • Qapalı yerlərdə siqaret çəkən və çox dozalı parfüm istifadə edən insanlara qarşı xoş davrana bilmirəm. (Onları yarqılamamağa çalışıram, amma çox zaman alınmır). Əslində açıq havada da onları xoş qarşıladığımı söyləyə bilmərəm. 🙂

 

  • Hərdən içimdən (özəlliklə yaxın hiss etdiyim insanlara qarşı) anlayışsız, qıcıqlandırıcı, bəzən çox israrçı bir uşaq çıxır və onun ucbatından sonra üzr istəyəcəyim durumlara düşürəm.

 

  • Yaxşı makyaj eləməyi hələ də öyrənə bilməmişəm, çox vaxt makyajla özümü gözəlləşdirmək əvəzinə daha da çirkinləşdirirəm. Bir dəq.də eyeliner çəkən qızlara heyranam.

 

  • Müxtəlif növ yeməklər bişirə bilmirəm – 3-4 ana yemək, 4-5 növ salat, 2-3 kek növündən  başqa . Onları da ancaq ilham gələndə bişirirəm, yenə istəyənlərə: “Növbəti ilhamı gözləyin.” – deyirəm.

Əvəzinə, lazım olanda müxtəlif ərzaqları qarışdırıb yeməyəbənzər dadlı qarışımlar hazırlaya bilirəm və bu zaman mətbəxdə mutluluqdan özümü professional aşpaz kimi hiss edirəm. Bədahətən gəldiyi üçün 2ci dəfə bişirmək istəyəndə yadıma sala bilmirəm təəssüf ki. 🙂

Bu naməlum yeməklərin adını soruşanlara: “Adı lazım deyil baş harfi ben. Üzümü ye, bağını sorma!” – deyirəm.

  • . Millət çiy balıq yeyir, mən bişmiş balığı da yeyə bilmirəm, nə qədər faydalı olsa da, nə qədər gözəl hazırlansa da.. Deyəsən balıqla aramda duyğusal bir bağ var. 😀   Amma hələ də bir gün balıq yeməklərini sevə biləcəyimə ümidim var.

 

  • Sevmədiyim bir işlə məşğul olanda tısbağa məndən daha sürətli olur. Sevdiyim işlərdə isə zövq aldığımçün özəlliklə uzadıram müddəti. Nəticədə heç bir işi tələsik həll edən deyiləm.

 

Davamını da sən yaz… 🙂

 

Xəyalə Çələbi