Birini tənqid edərkən xoşumuza gəlməyən sözünü və ya davranışını dilə gətirməklə onun bütün varlığını tənqid etmək arasında böyük bir fərq var. Hansısa sözlərini, hərəkətlərini, davranışlarını bəyənmədiyimizi ifadə edərkən o insanın varlığına olan sayqımızı, sevgimizi davam etdirdiyimizi, lakin bəyənmədiyimiz tərəfləri olduğunu bildiririk.

Əksinə bu söz və davranışlar səbəbilə onu – sən eləsən, sən beləsən – və s. şəkildə suçlayarkən onun bütün varlığını tənqid etmiş, yaxşı tərəflərini görməzdən gəlmiş, bütünlükdə yetərsiz, dəyərsiz olduğunu vurğulamış oluruq.

Məsələn, kobud bir hərəkətindən incidiyimiz birinə – bu kobud hərəkətin məni incitdi – deməklə, – sən kobudsan – demək arasında çox böyük bir fərq var.

Həmin insan fərqində olmadan bir kobudluq edibsə 1ci tip tənqiddən sonra o davranışı dəyişdirmə ehtimalı vardır, 2ci tip tənqidi duyduqdan sonra isə onsuz da kobud sayıldığı üçün daha kobud hərəkətlər etməyə yönəlmə ehtimalı artır. (Valideynlərin də uşaqlara verdiyi ən böyük zərər 2ci tip tənqidlə olur, çünki bununla uşaq bütün varlığının yanlış, yetərsiz, dəyərsiz olduğuna inana bilir).

Təbii həmin insan 1ci tip tənqidi duyandan sonra təkrar-təkrar eyni kobud hərəkəti etməyə davam edə də bilər. (Bu halda sərhədlərimizi bəlli etməli olacağıq.)

 

Burada məqsəd başqalarını dəyişdirmək deyil, insanların varlığını bütünlükdə pisləyib, yaxşı tərəflərini inkar etməklə içimizdə nifrət hissini artırmamaqdır. Birinin hansısa səbəblərdən dəyişdirə bilmədiyi davranışına görə ondan uzaqlaşanda ona qarşı sevgi, mərhəmət hissi ölmür içimizdə, onu anlaya bilirik, lakin özümüzü də qorumaqçün uzaqlaşırıq.

Əksinə birinin bütün varlığını dəyərsizləşdirəndə ona qarşı anlayış duymağımız çətinləşir, bunun yerini neqativ duyğular doldurur, nəticədə uzaqlaşsaq belə ona duyduğumuz nifrətlə öz içimizdəki işığı söndürürük.

Duyarsız ifadələrimizlə qarşımızdakının içindəki uşağın işığını söndürməyə çalışarkən öz içimizdəki uşağın işığının parlaması mümkün deyil. Bunun adı ilahi ədalətdir

Tənqid edərkən diqqətli olmalıyıq, niyyətimiz yaxşı olsa belə eyni durumda həm destruktiv, həm də konstruktiv tənqid edə bilərik: bilincsiz ifadə şəklimizlə yıxıcı effekt də yarada bilərik, daha bilincli ifadəylə qurucu, inkişaf etdirici nəticə yaranmasına səbəb də ola bilərik.

Şəms Təbrizi nə gözəl izah edir: “Deyirlər ki, dost acı söylər. Acını söyləyənə dost deyilməz ki.. Dostun sənə söyləyəcəyi acı olsa belə o, sənin canını acıtmayacaq şəkildə şirin dillə söyləyər.”